Səfərdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və təhsil mütəxəssisləri də iştirak ediblər.
Səfər
çərçivəsində İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil
Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan hədəflərin
müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” keçirilib.
İsmayıllı
rayonundan 200 nəfərə yaxın təhsil işçisinin və ictimaiyyət
nümayəndələrinin də qatıldığı “Dəyirmi masa”da Dövlət Strategiyası
çərçivəsində təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin
edilməsi barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə təhsilin məzmun
islahatları, müəllim əməyinin diferensial qiymətləndirilməsi, bölgə
müəllimlərinin karyera inkişafı, səciyyəvi problemləri və digər
məsələlərə toxunulub. Dövlət Strategiyasında nəzərdə tutulmuş
müddəaların uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyəti
qeyd olunub, bölgələrdəki məktəblərdə çalışanların müvafiq islahat və
yeniliklərə hazır olmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki,
Dövlət Strategiyasının qəbulundan ötən 2 ay ərzində təşkil olunmuş bütün
“Dəyirmi masa”lar strategiyanın təhsil ictimaiyyəti və valideynlər
tərəfindən daha düzgün dəyərləndirilməsi məqsədlərinə xidmət edir.
İsmayıllı
şəhər 1, 2 və 3 saylı, Lahıc qəsəbə, Cülyan, İvanovka, Talıstan, Qurban
Əfəndi, Ruşan, Qoşakənd və Təzəkənd kənd tam orta məktəblərin
direktorları və müəllimlər çıxış edərək Dövlət Strategiyasında qarşıya
qoyulmuş ümdə vəzifələrin yerlərdə daha dolğun izahı baxımından belə
tədbirlərin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.
Müzakirələrin sonunda müəllimləri, ictimaiyyət nümayəndələrini və media təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
“Dəyirmi masa”da irəli sürülmüş bütün təkliflər ümumiləşdirilərək Təhsil Nazirliyinə təqdim olunacaqdır.
Sonra
İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə ingilis dili müəllimi Ruhiyyə
Mahmudovanın VI sinifdə, İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə
Azərbaycan dili müəllimi Eminə Orucovanın VI sinifdə, fizika müəllimi
Şəkər Hacıyevanın VIII sinifdə, İsmayıllı şəhər 3 saylı tam orta
məktəbdə ədəbiyyat müəllimi Çingiz Muradlının X sinifdə, Cülyan kənd tam
orta məktəbdə ingilis dili müəllimi Şərafət Bayramovun V sinifdə,
İvanovka kənd tam orta məktəbdə Həyat bilgisi müəllimi Lamiyə
Əhmədovanın II sinifdə, ibtidai sinif müəllimi Məhbubə Allahverdiyevanın
I sinifdə, Təzəkənd kənd tam orta məktəbdə coğrafiya müəllimi Elşad
Vahabovun VI sinifdə və Lahıc qəsəbə tam orta məktəbdə fizika müəllimi
Rövşən Əliyevin VI sinifdə tədris etdiyi “Açıq dərs”lər izlənilib.
No comments:
Post a Comment