Tuesday 24 December 2013

Dekabrın 24-də Təhsil Nazirliyi tərəfindən media nümayəndələrinin İsmayıllı rayonuna səfəri təşkil olunub.



Səfərdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və təhsil mütəxəssisləri də iştirak ediblər.
Səfər çərçivəsində İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan hədəflərin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” keçirilib.
İsmayıllı rayonundan 200 nəfərə yaxın təhsil işçisinin və ictimaiyyət nümayəndələrinin də qatıldığı “Dəyirmi masa”da Dövlət Strategiyası çərçivəsində təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə təhsilin məzmun islahatları, müəllim əməyinin diferensial qiymətləndirilməsi, bölgə müəllimlərinin karyera inkişafı, səciyyəvi problemləri və digər məsələlərə toxunulub. Dövlət Strategiyasında nəzərdə tutulmuş müddəaların uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyəti qeyd olunub, bölgələrdəki məktəblərdə çalışanların müvafiq islahat və yeniliklərə hazır olmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Dövlət Strategiyasının qəbulundan ötən 2 ay ərzində təşkil olunmuş bütün “Dəyirmi masa”lar strategiyanın təhsil ictimaiyyəti və valideynlər tərəfindən daha düzgün dəyərləndirilməsi məqsədlərinə xidmət edir. 
İsmayıllı şəhər 1, 2 və 3 saylı, Lahıc qəsəbə, Cülyan, İvanovka, Talıstan, Qurban Əfəndi, Ruşan, Qoşakənd və Təzəkənd kənd tam orta məktəblərin direktorları və müəllimlər çıxış edərək Dövlət Strategiyasında qarşıya qoyulmuş ümdə vəzifələrin yerlərdə daha dolğun izahı baxımından belə tədbirlərin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.
Müzakirələrin sonunda müəllimləri, ictimaiyyət nümayəndələrini və media təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
“Dəyirmi masa”da irəli sürülmüş bütün təkliflər ümumiləşdirilərək Təhsil Nazirliyinə təqdim olunacaqdır.
Sonra İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə ingilis dili müəllimi Ruhiyyə Mahmudovanın VI sinifdə, İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə Azərbaycan dili müəllimi Eminə Orucovanın VI sinifdə, fizika müəllimi Şəkər Hacıyevanın VIII sinifdə, İsmayıllı şəhər 3 saylı tam orta məktəbdə ədəbiyyat müəllimi Çingiz Muradlının X sinifdə, Cülyan kənd tam orta məktəbdə ingilis dili müəllimi Şərafət Bayramovun V sinifdə, İvanovka kənd tam orta məktəbdə Həyat bilgisi müəllimi Lamiyə Əhmədovanın II sinifdə, ibtidai sinif müəllimi Məhbubə Allahverdiyevanın I sinifdə, Təzəkənd kənd tam orta məktəbdə coğrafiya müəllimi Elşad Vahabovun VI sinifdə və Lahıc qəsəbə tam orta məktəbdə fizika müəllimi Rövşən Əliyevin VI sinifdə tədris etdiyi “Açıq dərs”lər izlənilib.